
Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində şəraitlə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə avqustun 26-27-də Kürdəmir, Ağsu və Şamaxı rayonlarına press-tur təşkil edib. Hafta.az-ın məlumatına görə, media işçiləri adıçəkilən rayonların mərkəzi xəstəxanalarında olub, vəziyyət barədə məlumat əldə ediblər. Jurnalistlərə xəstəxanalarda mövcud vəziyyət, xəstələrin qəbulu, müayinə və müalicəsi, ayrı-ayrı şöbələrdə yaradılan şərait, müasir tibbi avadanlıqlarla təchizat və sair barədə ətraflı məlumat verilib.
Press-tur iştirakçıları ilk olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında (MRX) yaradılan şəraitlə tanış olublar.
Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Baş həkimi Məhəmməd Musayev bildirib ki, Kürdəmir Mərkəzi Rayon Xəstəxanası 2012-ci ildə əsaslı təmir olunub, yeni laborator avadanlıqlar, ensefaloqrfiya aparatı, ən son model USM, müasit tələblərə cavab verəcək rentgen aparatı, müsair cərahiyyə əməliyyatlarını keçirmək üçün lazım olan avadanlıqlarla təmin edilib.
Bildirilib ki, xəstəxanada həmçinin avtoklav, camaşırxana, yeni stomatoloji və oftolmoloji kabinetlər fəaliyyət göstərir. Xəstəxana 157 çarpayılıqdır və şüa-diaqnostika, kliniki diaqnostik laboratoriya, travmatologiya və ortopediya şöbəsi, cərahiyyə, otorinolorinqologiya, anesteziologiya-reanimatologiya, terapiya, yoluxucu xəstəliklər, dermatonerelogiya, doğum, ginekologiya, təcili tibbi yardım, qəbul, fizioterapiya və tibbi bərpa şöbəsi, o cümlədən 5 yerlik hemodializ şöbəsi, 250 gəlişli poliklinika şöbəsi fəaliyyət göstərir.
Yeni səhiyyə obyekti tikilir
Tibbi heyət barədə məlumat verən baş həkim əhaliyə göstərilən səhiyyə xidməti ilə 106 nəfər həkim, 398 nəfər orta ixtisaslı tibb işçisinin məşğul olduğunu diqqətə çatdırıb: “Gün ərzində xəstəxanaya min nəfərə yaxın vətəndaş müraciət edir. Rayon üzrə 2687 şəkərli diabet xəstəsi var ki, onlardan 268 nəfəri insulindən asılı, 8 nəfəri 17 yaşına çatmayan uşaqlardır. Vərəmli xəstələrin sayı 873 nəfər, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı 3-ü uşaq olmaqla 142 nəfərdir. Rayonda 516 nəfər onkoloji xəstə var ki, onlardan 7-i uşaqlardır. 148 nəfər talassemiya xəstəsinin 101 nəfəri isə 18 yaşa çatmayanlardır. Hazırda xəstəxananın hemodializ şöbəsində 27 xəstə qəbul olunur”.
Xəstəxanada nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi də aparılır. Məmməd Musayevin sözlərinə görə, 2015-ci ilin iyunun 1-dən indiyə qədər 1002 cütlük tibbi müayinədən keçib, 7 cütlüyün talassemiya daşıyıcısı olduğu aşkarlanıb.
Rayonda səhiyyə sahəsinin ən böyük problemi tibb mütəxəssisləri çatışmazlığıdır. Belə ki, tibb müəssisələrinə 62 müxtəlif ixtisaslı həkim və 108 orta tibb işçisinə ehtiyac duyulur.
Baş həkim ən çox diqqət olunan məqamlardan birinin də ana və uşaqların təhlükəsizliyi ilə bağlı olduğunu deyərək son illər ana-uşaq ölümü hallarına rast gəlinmədiyini bildirib.
Hazırda Kürdəmirdə daha bir səhiyyə obyektinin tikintisi həyata keçirilir. Bu 100 çarpayılıq Rayonlararası Psixatriya Xəstəxanasının binasıdır.
“Paytaxta xəstə göndərmirik”
Media nümayəndələri daha sonra Ağsu Mərkəzi Rayon Xəstəxanasına baş çəkiblər. Xəstəxananın Baş həkimin müavini Əli Hüseynov deyib ki, 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Ağsuya səfəri zamanı vətəndaşların müraciətini nəzərə alaraq sərəncam imzalayıb və məhz həmin ildən etibarən xəstəxananın binasının əsaslı təmirinə başlanılıb: “2016-cı ilin may ayında ölkə rəhbərinin iştirakı ilə xəstəxana rayon sakinlərinin ixtiyarına verilib. Xəstəxanada cərrahiyə, terapiya, reanimasiya, təcili yardım, uşaq poliklinikası şöbəsi və sair var. Bina bütün müddət ərzində havalandırma sistemi ilə təchiz olunub. Poliklinikada imtiyazlı qrup xəstələr tam dərman preparatları ilə təmin olunub. 1750 nəfər şəkərli-diabetli xəstələrimiz qeydiyyatdadır. Dərman təchizatı əvvəlki illərə nisbətən artıb. Qarşımıza məqsəd qoymuşuq ki, bizə göstərilən bu etimadı layiqincə doğruldaq”.
Ağsu Mərkəzi Rayon Xəstəxanasının da əsas problemi kadr sarıdandır: “Hazırda 168 nəfər ali təhsilli həkimimiz var. Bununla belə kadr çatışmazlığıdır 43 həkimə ehtiyacımız var. Daha çox pediatr, terapevt və ginekoloq tələb olunur. Orta təhsilli işçilərimiz yetəri qədərdir. Avadanlıqlarla işləyəcək işçilərimiz ölkə daxilində və xaricdə kurslar keçib, peşəkar heyətlə xidmət göstəririk. Xəstəxana istifadəyə veriləndən sonra xəstələrin müraciəti 3 dəfədən artıq çoxalıb. Şərait, xidmət, dərman və qidalanma təminatı yüksəldiyi üçün xəstə qəbulu artıb. İndi daha əvvəlki kimi paytaxta xəstə göndərmirik. Adətən yeni doğulmuş problemli xəstələri ölkənin müvafiq kliniklarına göndərirdik, hazırda buna da ehtiyac görmürük. Hətta onkoloji xəstələr də rayonda müalicə olunur. Rayon üzrə 228 onkoloji xəstə qeydiyyatdadır. Bu il qeydə alınanların sayı 31 nəfərdir”.
“Perinatal ölümün səviyyəsi aşağıdır”
Media nümayəndələrinin sonda baş çəkdiyi Şamaxı Mərkəzi Rayon Xəstəxanası olub. Xəstəxananın Baş həkiminin müavini Fazil Məmmədov jurnalistlərə açıqlamasında qeyd edib ki, rayonun 95 min əhalisinə 146 çarpayılıq olmaqla 2 xəstəxana – Şamaxı MRX və Göylər kənd xəstəxanası xidmət edir: “Bundan əlavə, kənd yerlərində 14 həkim məntəqəsi, 20 tibb məntəqəsi vard. Həkimlərimizin sayı 115, orta tibb işçiləri isə 265 nəfərdir. Hazırda həkim çatışmamazlığı problemi ilə üz-üzəyik. Yəni 48 ştat həkim yeri boşdur. Ginekoloq, pediatr, terapevt, dermatoloq və sair ixtisaslı həkimlərə ehtiyac var”.
Xəstəxananın ginekologiya şöbəsinin müdiri Nəzakət Abdulrazaqova 7 ildir ki, xəstəxanada ana ölümünün qeydə alınmadığını vurğulayıb: “Qobustan, Ağsu və İsmayıllı rayonlarında olan hamiləlik və doğum patologiyaları Şamaxı Mərkəzi Rayon Xəstəxanasına gətirilir. Son 7 ildə Şamaxı rayonunda ana ölümü baş verməyib. Perinatal ölümün səviyyəsi isə respublika üzrə göstəricilərdən aşağıdır”.
Şamaxı regional məntəqəsi barədə jurnalistlərə məlumat verən məntəqənin böyük həkimi Arif Qəniyev on ilə yaxındır fəaliyyət göstərdiklərini deyib: “Bizim fəaliyyətimiz 103 xidmətinə aiddir. İşimiz yaxın əraziləri əhatə edir. Bu təcili tibbi yardım maşını təkər üstdə reanimasiyanı əvəz edir. Avtomobildə ilkin yardım üçün lazım olan bütün avadanlıqlar, dərman preaparatları, ləvazimatlar var. Bu da xəstəni tibb mərkəzinə çatdırana qədər yardım etməyə imkan verir”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən verilən tapşırığa əsasən, bu ilin aprel ayından Azərbaycanda vətəndaşların xəstəxanalara qəbulu yeni qaydada həyata keçirilir. Nazirlikdə hesab edirlər ki, son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, kompüter tomoqrafiya, MRT müayinələrin aparılması əsas verir ki, qaydalara bir qədər də ciddi əməl olunsun və nəticədə regionlardakı əhalinin şəhərə axın etməsinin qarşısı alınsın.
Regionlardakı tibb müəssilərinin şəraiti də deməyə əsas verir ki, əhali rayonlarda ən yüksək səviyyədə müalicə və müayinə oluna bilər. Jurnalistlər üçün təşkil olunan press-turdan sonra bu qənaətə gəlməyə şübhə qalmır.
Bakı-Kürdəmir-Ağsu-Şamaxı-Bakı
