
İsveçin Höteborq və Lunda universitetlərinin alimləri təsadüfən ana südündə xərçəng hüceyrələrini öldürə bilən maddə aşkarlayıblar. Laborator testləri göstərib ki, alimlərin Hamlet adı verdikləri bu maddə sağlam hüceyrələri məhv etmədən xərçəngin 40-a yaxın formasını məhv etməyə qadirdir. Xatırladaq ki, bu maddə alimlərin ana südünün antibakterial xüsusiyyətlərini öyrənərkən aşkarlanıb. Xərçəngin bu qəniminin tərkibi isə zülal və yağ turşusundan ibarətdir.
Hamletin ilk kliniki sınağı sidik kisəsi xərçəngindən əziyyət çəkən xəstələr üzərində aparılıb. Laborator şəraitdə ana südündən alınan maddəni xəstə zonaya vuran həkimlər müşahidə ediblər ki, hər dəfə maddə vurulduqdan sonra xəstənin sidiyi ilə ölmüş xərçəng hüceyrələri ifraz olunmağa başlayıb. Hazırda alimlər Hamletin dəri xərçəngi, beyin xərçəngi və selikli qişadakı bədxassəli şişlərə necə təsir etməsi üzərində yoxlamalar aparırlar.
Tədqiqatçılar ümid edirlər ki, Hamletin əsasında xərçəngə qarşı effektiv bir vasitə yaratmaq olacaq. Lakin bu yalnizo vaxt mümkün olacaq ki, Hamleti dərman formasına salmaq mümkün olsun.
