
Münhen alimlərinin fikrincə futbola baxmaq ürək xəstəliklərini artırır. Oyuna baxarkən yaranan stress ürək ritminin artmasına gətirib çıxarır ki, bunun da nəticəsində infarkt baş verir. Tədqiqatçılar həkimlərə futbol həvəskarı olan pasientlərinə dərmanların dozasını artırmağı məsləhət görürlər.
2006-cı il dünya çempionatının azarkeşlərə təsirini öyrənən alimlər belə nəticəyə gəliblər ki, oyun zamanı kişilərdə ürək tutmalarına üç dəfə artıq rast gəlinir. BBCrussian.com saytının yaydığı xəbərə görə, alimlər bu halı 4 min nəfər azarkeş üzərində apardıqları uzunmüddətli tədqiqatlar zamanı müşahidə ediblər. Sonuncu tədqiqat zamanı azarkeşlərin tamaşa etdikləri çempionatın yeddi oyununun altısında ürək tutmalarının çoxalması müşahidə olunub.
Alimlər daha çox ürək tutmaları isə 2006-cı ilin iyunun 30-da Alman millisinin Argentina üzərində 11 metrlik cərimə zərbələri ilə qələbə çaldığı oyunda müşahidə ediblər. Almaniya və İtaliya komandalarının yarımfinal qarşılaşması zamanı isə azarkeşlərdə ürək tutmalarına daha az rast gəlinib. Almaniya və Portuqaliya komandalarının üçüncü yer uğrunda qarşılaşmaları zamanı isə tutmalara ümumiyyətlə rast gəlinməyib. Bütün bu oyunlar zamanı azarkeşlərin səhhətini tədqiq edən alimlər sonda belə nəticəyə gəliblər ki, tutmalar oyunun nəticələrindən deyil, onun nə dərəcədə gərgin və emosional keçməsindən asılıdır.
